Bəhram Bağırzadə uşaqları maarifləndirən növbəti kitabını təqdim edib
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (Publik Hüquqi Şəxsi) və “EkoSfera” Sosial-Ekoloji Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə suyun mühafizəsini təşviq etmək üçün “Möcüzəli su” (“Magic water”) respublika sosial foto-kollaj müsabiqəsinin mükafatlandırma mərasimi və Azərbaycan Respublikasının Əməkdar artisti Bəhram Bağırzadənin “Su haqqında” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabda planetimizdə suyun əhəmiyyəti və qorunması, tullantıların su hövzələrini çirkləndirərək ekologiyaya ciddi zərər vurması, eyni zamanda uşaqların suyun qorunması üçün necə kiçik vərdişlərə alışması haqqında tövsiyələr verilib. Kitab ekoloji vəziyyətin yaxşılaşdırılması üçün uşaq və gənclərin maarifləndirilməsinə həsr edilib.
Təqdimat mərasimində çıxış edən müəllif bildirib ki, dünyada qlobal problem olan su qıtlığı ilə mübarizə aparmaq üçün su mənbələrinin çirkləndirilməsinin qarşısını almaq və sudan qənaətlə istifadəni təşviq etmək önəmlidir. B.Bağırzadə mövcud problemlə mübarizədə maarifləndirmənin rolundan bəhs edərək, bunun kiçik yaşlardan aşılanmasının vacibliyini qeyd edib: “Gələcək nəsillərin problemə düzgün yanaşma tərzini, onunla mübarizə üsullarını öyrənməsi ilə daha səmərəli nəticə əldə edə bilərik”.
O, işğal dövründə Ermənistanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ətraf mühitinə vurduğu ziyandan bəhs edərək deyib: “Otuz ilə yaxın müddət ərzində vaxtilə işğalda olan torpaqların biomüxtəlifliyinə ciddi ziyan dəyib, torpaq və su resursları çirkləndirilib. Həmin ərazilərdə bərpa-quruculuq işləri sürətlə gedir. Hər birimiz torpaqlarımızın abadlaşmasına fayda verməliyik. Mən də bununla bağlı təklif irəli sürdüm. Minalardan təmizlənən ərazilərdə minaların çıxarıldığı yerlərdə boşluqları ağaclarla doldura bilərik. Torpaqlarımızı əvvəlki görkəminə qaytarmaq, orada həyatı bərpa etmək üçün əlimizdən gələni əsirgəməməliyik. Hər birimiz öz sərvətlərimizə sahib çıxmalıyıq. Məlumdur ki, on gündən çoxdur Ermənistanın yataqlarımızı qanunsuz talan etməsi ilə bağlı Şuşa-Laçın yolunda aksiya davam edir. Biz öz haqqımızı tələb edirik, sona qədər də mübarizəmiz davam edəcək”.
B.Bağırzadə son illər fəaliyyətini uşaqların maariflənməsinə yönəltdiyini və bu istiqamətdə bir neçə kitab yazdığını bildirib. O bundan sonra da azyaşlıların bilik və bacarıqlarını artırmaq istiqamətində layihələrinin olacağını diqqətə çatdırıb.
Daha sonra “Möcüzəli su” respublika sosial foto-kollaj müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib, qaliblərə diplomlar təqdim olunub.
Sonda Əməkdar artist Bəhram Bağırzadə imzalı kitablarını tədbir iştirakçılarına hədiyyə edib və xatirə fotoşəkli çəkilib.
Xatırladaq ki, müsabiqə “suyun mühafizəsinin keyfiyyətli şəkildə aparılması”, “fotoşəklin başqalarını suya qənaət etməyə inandırması”, “kompozisiyanın kreativliyi” meyarları üzrə 6-17 yaş qrupu arasında keçirilib.