Bəhreynli nazir: Ölkəmiz Azərbaycanla işgüzar əlaqələr qurmaq niyyətindədir
Bakı, 18 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın bir çox ölkələrinin iştirak etməyə böyük maraq göstərdiyi əsas beynəlxalq platformalardan biridir. Biz Bəhreyn Krallığından gəlmişik və burada müxtəlif sessiyalarda iştirak edirik. Həmçinin burada sosial mənzillərin təmin olunması istiqamətində özəl sektorla həyata keçirdiyimiz layihələri nümayiş etdirən stendimiz var.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda keçirilən WUF13-də iştirak edən Bəhreynin mənzil və şəhərsalma naziri Amna bin Ahmed Al Rumaihi səsləndirib.
O vurğulayıb ki, əlçatan mənzil təminatı bu gün bir çox ölkə üçün əsas çağırışlardan biridir: “Tikinti materiallarının bahalaşması, torpaq resurslarının məhdudluğu, maliyyə xərclərinin artması səbəbindən artıq ənənəvi həll yolları ilə davam etmək mümkün deyil. Biz gündəlik qarşılaşdığımız çətinlikləri aradan qaldırmaq və vətəndaşları əlçatan mənzillə təmin etmək üçün yeni və dayanıqlı həllər ortaya qoymalıyıq”.
Nazir, həmçinin qeyd edib ki, Azərbaycan bir çox sahələrdə böyük inkişaf əldə edib. O, WUF13-ün təşkilinə və ev sahibliyinə görə ölkəmizə təşəkkür edib:"Düşünürəm ki, Azərbaycan Bəhreyn üçün mühüm tərəfdaş olacaq. Təlim və təcrübə mübadiləsi sahəsində Azərbaycanla anlaşma memorandumlarının imzalanmasını məmnuniyyətlə qarşılayarıq”.
Amna bin Ahmed Al Rumaihi əlavə edib ki, Bəhreynin WUF13-də stendlə təmsil olunması ölkəsinin Azərbaycanla işgüzar əlaqələr qurmaq niyyətinin göstəricisidir.