Aktotı Raimkulova: Mədəni irs dayanıqlı şəhərlərin formalaşmasında əsas rol oynayır
Bakı, 18 may, AZƏRTAC
Anadoludan Mərkəzi Asiyaya və Qafqazadək Türk dünyasında ənənəvi evlər sadəcə yaşayış məkanı olmayıb. Onlar sosial harmoniya, təbiətə uyğunlaşma, sənətkarlıq, ailə dəyərləri və icma əsaslı yaşam mədəniyyətinin təcəssümü olub. İqlim şəraitinə və yerli materiallara uyğun şəkildə inşa edilən bu evlər davamlılıq, funksionallıq və insanın təbiətlə harmonik birgəyaşayışı barədə əsrlərlə formalaşmış bilikləri özündə əks etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova mayın 18-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türkiyə pavilyonunda keçirilən “İrsdən dayanıqlılığa doğru: Türk evləri” mövzusunda panel sessiya zamanı deyib.
"Bu gün həmin ənənəvi memarlıq nümunələri sürətli şəhərsalma, qloballaşma, ekoloji çağırışlar və dəyişən həyat tərzi səbəbindən ciddi təzyiqlərlə üz-üzədir. Bununla belə, onlar müasir şəhərsalma üçün olduqca qiymətli təcrübə və nümunələr təqdim edir. Türk evlərinin qorunması keçmişi dəyişmədən saxlamaq demək deyil, həmçinin yaddaşın müasir şəhər həyatına inteqrasiyası deməkdir", - deyə Aktotı Raimkulova qeyd edib.
O diqqətə çatdırıb ki, dayanıqlı şəhərlər yalnız beton və texnologiya ilə deyil, eyni zamanda mədəniyyət, irs və insan əlaqələri ilə formalaşır. Bu kontekstdə Türk Mədəniyyəti və İrsi Fondu ənənəvi şəhər və memarlıq irsinin qorunmasını davamlı inkişafın mühüm tərkib hissəsi hesab edir.