Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur
Bakı, 18 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur.
BDU-dan AZƏRTAC-a bildirilib ki, universitetin ekspozisiyasında şəhər mühitinin dayanıqlı inkişafı, ekoloji tarazlığın qorunması, iqlim dəyişikliklərinə adaptasiya, innovativ texnologiyaların tətbiqi və inklüziv urban inkişaf modellərinin formalaşdırılması, torpaq kadastrı bazası sisteminin təşəkkülü istiqamətində həyata keçirilən elmi-tədqiqat layihələri və təşəbbüslər geniş şəkildə təqdim edilir. BDU nümayəndələri tərəfindən təqdim olunan materiallarda müasir şəhərlərin qarşılaşdığı əsas çağırışlara elmi yanaşmalar, “ağıllı şəhər” konsepsiyası, rəqəmsal transformasiya imkanları, həmçinin şəhər infrastrukturunun daha dayanıqlı və insan amilinə yönəlmiş multidisiplinar tədqiqat nəticələri xüsusi yer tutur. Eyni zamanda, BDU-nun müxtəlif fakültə və elmi mərkəzlərində aparılan tədqiqatların praktiki tətbiq imkanları, beynəlxalq layihələr və tərəfdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüslər də ziyarətçilərin diqqətinə çatdırılır.
“Urban Expo” çərçivəsində yaradılmış “Biznes və İnnovasiya Mərkəzi” platformasında 45 şirkət və 14 startap layihəsi də təqdim olunur. BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanaraq universitet ərazisində istifadəyə verilmiş “Clean-Charge” EkoEnerji məntəqəsinin prototipi sərgidə özünəməxsus yer tutur. Qeyd edək ki, ümumi gücü 22 kilovat-saat olan bu hibrid enerji sistemi Günəş və külək enerjisi kimi bərpa olunan mənbələrdən istifadə etməklə elektromobillərin enerji ilə təmin olunmasını həyata keçirir. Layihənin əsas məqsədi elektrik enerjisinin yalnız təmiz mənbələrdən istehsalını təmin etmək və bununla da “dolayı karbon emissiyası” probleminin azaldılmasına töhfə verməkdir. KOBİA-nın qrant dəstəyi və BDU-nun elmi-texniki iştirakı ilə universitet ərazisində reallaşdırılan bu innovativ ekoloji təşəbbüs müasir yaşıl texnologiyaların tətbiqi baxımından nümunəvi model kimi çıxış edir. Hazırda “Clean-Charge” EkoEnerji məntəqəsi elektromobil sürücüləri tərəfindən gündəlik olaraq intensiv şəkildə istifadə olunur və dayanıqlı enerji infrastrukturunun inkişafına praktik töhfə verir.
BDU-nun bu nüfuzlu beynəlxalq platformada iştirakı universitetin yalnız təhsil və tədqiqat sahəsində deyil, həm də qlobal urban inkişaf gündəliyinə töhfə verən elmi mərkəz kimi mövqeyini daha da gücləndirir. Bu iştirak, həmçinin BDU-nun beynəlxalq akademik şəbəkələrdə əlçatanlığını artırır, yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır və qlobal çağırışlara cavab verən innovativ elmi yanaşmaların paylaşılmasına xidmət edir.