Belaruslu mütəxəssis: Azərbaycan millisi ilə oyunda qalib gəlmək heç bir halda asan olmayacaq
Bakı, 5 mart, AZƏRTAC
“Azərbaycanla matçda qalib gəlmək heç bir halda asan olmayacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Belarus millisinin sabiq futbolçusu Aleksey Baqa Azərbaycan yığması ilə keçiriləcək yoldaşlıq görüşü barədə ölkəsinin mətbuatına danışarkən deyib.
2021-2022-ci illərdə “Sumqayıt” klubunda məşqçi kimi fəaliyyət göstərmiş 44 yaşlı mütəxəssis qarşıdakı iki matçın belaruslular üçün sınaq xarakteri daşıyacağını söyləyib: “Tacikistan və Azərbaycan kollektivləri ilə yoldaşlıq görüşü keçirmək komandamıza hərtərəfli müsbət təsir göstərəcək. Hər ikisi dişimizə uyğun rəqibdir. Təbii ki, istənilən futbolçu və məşqçi təcrübə qazanmaq və yeni şeylər öyrənmək baxımından daha güclü və böyük yığmalarla qarşılaşmaq istəyər. Amma indiki vəziyyətdə biz bu qarşılaşmalardan ən yaxşı şəkildə istifadə etməliyik. Komandamızın heyətində çıxış edən oyunçuların sayını da nəzərə alsaq, bu rəqiblərin bizə uyğun olduğunu əminliklə deyə bilərik”.
Veteran müdafiəçi görüşlərin yığmada yer alan gənc futbolçulara təcrübə qazandırmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Gənc oyunçularımız eyni gücə malik olduğumuz rəqiblərə qarşı oynayaraq özünəinam qazana bilərlər. Bu komandalarla matçlar, eyni zamanda, yeni coğrafiya və möhtəşəm stadionlarda oynamaq anlamına gəlir. Bunlara şəxsən özüm də şahid olmuşam. Buna görə də bizi çətin, bir o qədər də maraqlı qarşılaşmalar gözləyir”.
Qeyd edək ki, martın 25-də “Bank Respublika Arena”da təşkil olunacaq Azərbaycan-Belarus oyunu saat 21:45-də başlayacaq.