CƏMİYYƏT
Belarusun Azərbaycandakı səfiri: Azərbaycanın şəhərlərinə hücumları dayandırmağa çağırıram VİDEO
Bakı, 28 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Gəncə şəhərinin sakinlərinə, bütövlükdə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, bu hücumlar zamanı yaralananlara şəfa arzulayıram. Ölənlərin xatirəsi daim yaşayacaq. Mən Azərbaycan şəhərlərinə hücumları dayandırmağa çağırıram. Bu şəhər döyüş bölgəsindən uzaqdadır, burada hərbi obyekt də yoxdur. Bu insanların günahı nədir?
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Belarusun Azərbaycandakı səfiri Gennadiy Axramoviç Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib.
O deyib: “BMT-nin qətnamələri təcili surətdə yerinə yetirilməlidir. Bu, Azərbaycanın haqlı tələbidir. Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək şərtilə səmərəli danışıqlara qayıtmaq vacibdir. Bunun yerinə dinc əhalini qəsdən hədəf almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaq yolverilməzdir.
Səfir qeyd edib ki, bu gün Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Belarus nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.