BELÇİKA KRALLIĞININ AZƏRBAYCANDA AKKREDİTƏ OLUNMUŞ SƏFİRİNİN DİPLOMATİK FƏALİYYƏT MÜDDƏTİ BAŞA ÇATMIŞDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, səfir Yan Mattisen diplomatik fəaliyyəti müddətində ona göstərilmiş köməyə və səmərəli əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmiş, Belçika ilə Azərbaycan arasında münasibətlərin genişlənməsinə və bundan sonra da inkişafına ümidvar olduğunu bildirmişdir.
Görüş zamanı nazir Elmar Məmmədyarov və səfir Yan Mattisen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçən ay Belçika Krallığına işgüzar səfəri çərçivəsində keçirilmiş görüşləri və imzalanmış sənədləri yüksək dəyərləndirmiş, bu ildə Belçika iş adamlarının ölkəmizə nəzərdə tutulmuş səfərinin iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcəyini söyləmişdir.
Xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi istiqamətində səfirin gördüyü işləri yüksək qiymətləndirmiş və əməkdaşlığın perspektivlərinə böyük əhəmiyyət verdiyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda təhlükəsizliyin bərqərar olunmasına və ölkəmizin iqtisadiyyatının inkişafına əngəl törətdiyini qeyd edən nazir, bu məsələnin sülh yolu ilə həlli üçün beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini bildirmişdir.
Sonra nazir Elmar Məmmədyarov səfir Yan Mattisenə bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır.