Belçikada heyvan haqları müdafiəçiləri qədim ənənənin qadağan edilməsinə nail olublar.
Bakı, 28 fevral, AZƏRTAC
Belçika karnavalda diri balıqla şərab içmək ənənəsini qadağan edib.
AZƏRTAC “The Times” nəşrinə istinadla xəbər verir ki, Geraardsbergendə karnavalla bağlı adət 6 əsrdən çoxdur ki, mövcuddur. Həmin gün insanlar druid kostyumları geyinir və yazın gəlişini qeyd edirlər. Şəhər rəhbərliyi və ruhanilər bayram iştirakçılarına xeyir-dua verir və kiçik balığın üzdüyü qədim gümüş qabdan şərab içirlər. Bundan sonra sakinlər iri simitlərə bənzər çörəyi zənbillərə yığaraq divarlara atırlar.
Belçikanın heyvan haqları təşkilatı olan “Gaia” uzun müddətdir ki, karnaval zamanı balıqlara qarşı qəddarlığın qarşısını almaq üçün kampaniya aparır. Onlar iddia edirdilər ki, heç bir ənənə zorakılığa haqq qazandıra bilməz. Sonda heyvan hüquqları müdafiəçiləri məqsədlərinə nail olublar.
Hakimiyyət orqanlarının bu qərarı karnaval həvəskarlarının narazılığına səbəb olub. Onlar əllərində “Mən balıq istəyirəm” yazılmış lövhələr tutaraq tarixi milli geyimlərdə küçələrə çıxıblar. Həvəskarların fikrincə, qəbul edilən qanun bir fəlakətdir.
Geraardsbergendə hər il 1381-ci ildə baş verən hadisələrlə bağlı karnaval keçirilir. Sonra şəhər düşmən tərəfindən mühasirəyə alınıb və yerli sakinlər çətin vəziyyətə düşüblər. Düşməni aldatmaq üçün hiyləgər bir plan hazırlanıb. Çörək və siyənək qalıqlarını divarların üstündən atmağa başlayıblar, belə bir görünüş yaradılıb ki, kifayət qədər yemək var. Rəvayətə görə, bu düşməni azdırıb və o, geri çəkilib.