Bələdiyyələr yerli büdcə gəlirlərinin uçotunu dəqiq aparmalıdırlar
Ağdaş, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Ağdaşda Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. Yığıncaqda respublikanın 1227 kənd bələdiyyəsindən və Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələri Assosiasiyasından seçilən 234 nümayəndə iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaqda Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyanın 2023-cü il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə olunub.
Qonaqlar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Ağdaş şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyevin hesabat məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, ölkədə uğurla davam etdirilən dövlət siyasəti bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiya olunmasına səbəb olub, vətəndaşların yerli özünüidarəetmədə fəallığı artıb. Hesabat ilində Milli Məclisin Regional Məsələlər Komitəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə qabaqcıl təcrübənin yayılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilib, yerli özünüidarəetmənin qanunvericilik bazası təkmilləşdirilib.
Vurğulanıb ki, bələdiyyələr müasir dövrün çağırışlarına daha yaxından inteqrasiya olunmalı, ərazidə prioritet seçilən sosial məsələlər daha tez həllini tapmalıdır. Bu baxımdan hesabat ilində görülən işlərin bir hissəsi yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olub.
Qeyd edilib ki, bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi davam etdirilib, İKT üzərindən “Bələdiyyələrin Avtomatlaşmış Məlumat Sistemi” (BAMS) üzrə tədiyyəçilərin uçotunun daha da təkmilləşdirilməsinə nail olunub, vergi və ödənişlərin toplanmasında müsbət dinamika yaranıb. Bu səbəbdən ötən il ölkənin kənd bələdiyyələrinin gəlirləri artıb, sosial sifarişli layihələrin icrası sürətlənib. Hesabat ilində kənd bələdiyyələri tərəfindən müxtəlif sahələri əhatə edən 31 istiqamətdə layihələr icra olunub.
Əli Mehdiyevin bildirib ki, İKT-nin bələdiyyə idarəçiliyində tətbiq olunması gələcəkdə Milli Assosiasiyanın ölkənin maliyyə, vergi və digər qurumları ilə daha koordinasiyalı fəaliyyətinə zəmin yaradacaq. Cari ildə bələdiyyələrin əsas gəlir mənbəyi olan vergilərin və vergi obyektlərinin düzgün uçota alınması üçün konkret tədbirlər nəzərdə tutulub. Bu məqsədlə BAMS-ın imkanlarından istifadə etməklə bələdiyyə xərclərində şəffaflığın və hesabatlılığın tam təmin olunması vacibdir. 2023-cü ildə çoxsaylı səmərəli layihələrin icrası nəzərdə tutulub.
Müzakirələrdə Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədr müavini, Naxçıvan MR Kənd Bələdiyyələri Assosiasiyasının sədri Tofiq Babayev, Ağdaş rayonunun Qarabaqqal bələdiyyəsinin sədri Əli Musayev, Şəmkir rayonunun Zəyəm Cırdaxan bələdiyyəsinin sədri Zəfər Süleymanov və başqaları çıxış edərək hesabat ilində görülən işlərdən danışıb, təkliflərini səsləndiriblər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov çıxış edərək vergi uçotunun, statistik məlumatların dəqiq və diqqətlə aparılmasının zəruriliyindən danışıb.
Ümumi yığıncaqda Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev çıxışında Prezident İlham Əliyev tərəfindən əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində qarşıya qoyulan vəzifələrdən söz açıb, bələdiyyələrin bununla bağlı artan rolu barədə məlumat verib. Vurğulanıb ki, bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması üçün ilk növbədə yerli büdcənin gəlir mənbələrinin uçotu dəqiq aparılmalıdır. Bu sahədə şəffaflığın tam təmin edilməsi bələdiyyələrin qarşısında duran əsas vəzifələrdəndir.
Sonda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.