Benedito Braqa: Azərbaycan su çatışmazlığının aradan qaldırılmasında kifayət qədər təcrübəyə malikdir
Bakı, 15 mart, Elvin Camalov, AZƏRTAC
Azərbaycan su çatışmazlığının aradan qaldırılmasında kifayət qədər təcrübəyə malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Su Şurasının sərdi Benedito Braqa jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dünyada su çatışmazlığı məsələsini aradan qaldırmaq üçün işlər görülür. Burada önəmli bir məqam tələb və təklifin bir-birinə uyğunluğudur. Birinci məqam olaraq onu qeyd etmək lazımdır ki, əsas məsələ əldə olan vəsaitin düzgün istifadə olunması və infrastrukturun düzgün qurulmasıdır. Hazırda ən böyük su tələbatı sənaye, kənd təsərrüfatı və insanların şəxsi tələbatlarına uyğun istifadə olunur.
B.Braqanın sözlərinə görə, ikinci məqam isə tələb və təklif arasında balansı düzgün yaratmaq, insanları sudan səmərəli istifadə etmələri yönündə maarifləndirməkdir. Dünya Su Şurası olaraq bildirmək istəyirik ki, bu sahədə Azərbaycan kifayət qədər təcrübəyə malikdir. Lazım gələrsə biz də öz dəstəyimizi göstərməyə hazırıq.