Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirəcəkdir
Strasburq, 28 yanvar ( AZƏRTAC ). Mənzil-qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konqres Azərbaycan tarixinə qanla yazılmış Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcəkdir.
BAK idarə heyətinin Niderland Krallığının Brabant əyalətinin Tiburq şəhərində keçirilmiş toplantısında bununla əlaqədar xüsusi komissiyanın yaradılması qərara alınmışdır. İdarə heyətinin qərarına əsasən, komissiyaya rəhbərlik BAK-ın sədri Sahil Qasımova, ümumi təşkilatçılıq və nəzarət işləri isə sədr müavinləri Elsevər Məmmədova, Ofelya Babayevaya və Musa Pünhana həvalə olunmuşdur.
Konqres 7 minlik Xocalı sakininə qarşı ermənilərin törətdikləri vəhşilikləri Benilüks məkanındakı əhaliyə çatdıracaqdır. BAK bu gün dünya ictimaiyyətindən qondarma “erməni soyqırımı”nı tanıtmaq yolunda dəridən-qabıqdan çıxan ermənilərin özlərinin azərbaycanlılara qarşı soyqırımı törətdiklərini çatdırmaqla onların əsl simasını ifşa etməyə çalışacaqdır. Bu məqsədlə BAK Niderland Krallığının inzibati mərkəzi hesab edilən Haaqada ölkə parlamenti qarşısında kütləvi nümayişlər, parlamentin Xocalı soyqırımına siyasi qiymətin verilməsi istiqamətində deputatlarla görüşlər keçirmək planlaşdırılır. Həmçinin Amsterdamdakı Yəhudilərin Tarix Muzeyində azərbaycanlı uşaqların Xocalı faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərginin təşkili, burada Haaqada akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinin və Niderlandın siyasətçilərinin iştirakını təmin etmək, krallığın Soyqırımı İnstitutunda konfransın, Brüsseldə isə Avropa Parlamentinin və Ermənistan səfirliyinin qarşısında etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, Lüksemburq parlamentində Xocalı faciəsinin gündəmə gətirilməsi və bu hadisələrə siyasi qiymətin verilməsi istiqamətində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq