Bərdədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib
Bərdə, 30 dekabr, AZƏRTAC
Bərdə şəhərindəki Heydər Əliyev adına park bulvarda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər qarşıdan gələn bayramlar münasibətilə iştirakçıları təbrik edib, bu əlamətdar günlərin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan xalqının birliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu əziz günün yaradıcısı Ümummilli Lider Heydər Əliyev 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir. Həmin vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur.
Tədbirdə Bərdə Mədəniyyət Mərkəzinin “Qarabağ” xalq çalğı alətləri ansamblının üzvləri, rayonun incəsənət adamları, bədii özfəaliyyət dərnəkləri, uşaq musiqi məktəblərinin kollektivləri bir-birindən maraqlı, rəngarəng mahnılarla çıxış ediblər.