Bərdədə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir
Bərdə, 6 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli videomüşavirəsində verilmiş tapşırıqlara uyğun olaraq, Bərdə şəhərində karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və tədbir görmək üçün reydlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və mobil qrupların üzvləri Bərdə şəhərində növbəti reyd keçiriblər. Reyd zamanı sakinlərlə, qida məhsulları satışı ilə məşğul olan ticarət obyektlərində çalışan şəxslərlə maarifləndirici söhbətlər aparılıb. “Bolmart”, “Araz", “Bazarstore”, “Neptun” supermarket obyektlərində mühafizə vasitələrindən istifadənin və sosial məsafənin gözlənilməsi vəziyyəti öyrənilib, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə göstərişlər verilib. Vətəndaşlar COVID-19 pandemiyasından qorunmaq vasitələri barədə maarifləndirilib, şəxsi mühafizə vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin, gigiyenik qaydalara riayət olunmasının zəruri olduğu, karantin rejimini pozanlar barədə ciddi cəza tədbirlər görüldüyü bildirilib. Reyd zamanı “Bolmart” supermarketin müdiri Abbasov Mənsur Raqub oğlu, həmçinin marketlərdə maskadan istifadə etmədiklərinə görə 2 nəfər alıcı - Məmmədov Rövşən Elçin oğlu və Bayramov Cavid Faiq oğlu barəsində inzibati protokol tərtib edilib.
Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə uyğun olaraq rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 67 mobil qrup fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq koronavirus pandemiyasının qarşısının alınması üçün qaydalara riayət olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.