ELM VƏ TƏHSİL
BƏRPAÇI EKSPERTLƏR HAZIRLANACAQDIR
Akademiyanın tədris və tərbiyə işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Cəlil Hüseynov AZƏRTAC-ın müxbirinə demişdir ki, respublikamızda bu ixtisasa olan tələbatı nəzərə alaraq ali təhsil ocağı rəhbərliyinin Nazirlər Kabinetinə müraciəti müsbət qarşılanmışdır. Bu il akademiyaya yeni ixtisas üzrə tələbə qəbuluna icazə verilmişdir. Fakültədə rəngkarlıq, qrafika, heykəltəraşlıq, xalça, qobelen, parça, dekorativ-tətbiqi sənət, zərgərlik əşyaları üzrə bərpaçı ekspertlər hazırlanacaqdır.
Gələcək mütəxəssislər Mədəniyyət Nazirliyi sistemində, gömrük, sərhəd xidmətlərində çalışacaqlar. Ekspertlər xaricə aparılan zinət əşyaları, qiymətli sənət əsərləri barədə rəylərini bildirəcək, onların qaçaqmalçılıq yolu ilə respublikamızdan kənara axınının qarşısını alacaqlar. Ölkəmiz üçün çox vacib olan yeni ixtisas üzrə bu il akademiyaya 15 tələbə qəbul ediləcəkdir.