Beş ayda Qəbələnin otel və mehmanxanaları 11 minə yaxın əcnəbi turistə xidmət göstərib
Qəbələ, 21 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yanvar-may aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 26 min 343 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 15 min 419 nəfəri və ya 58,5 faizi Azərbaycan, 10 min 924 nəfəri və ya 41,5 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-may aylarında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 min 382 nəfər və ya 14,3 faiz azalıb. Beş ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 min 514 nəfər və ya 22,6 faiz azalsa da, əcnəbi turistlərin sayında 132 nəfər və ya 1,2 faiz artım qeydə alınıb.
Yanvar-may aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Belə ki, beş ayda bu ölkənin 2295 vətəndaşı Qəbələdə olub. Bu müddət ərzində Qəbələyə Hindistandan 2184, Birləşmiş Ərəb Əmirliklərindən isə 1974 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə Küveyt, Rusiya, Oman, İsrail, Qətər, Pakistan, Türkiyə, Qazaxıstan, ABŞ, İran, Bəhreyn və digər ölkələrdən də xeyli sayda turist gəlib.
Beş ayda rayon ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 96,3 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.