REGİONLAR
Beş rayonda 20 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin edilib VİDEO
Quba, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Quba, Balakən, Xızı, Kürdəmir və Naftalan rayonlarında yeni inşa olunan 20 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, noyabrın 5-də Qubada evlərin təqdim edilməsi mərasimində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu gün beş rayonda təqdim edilən 20 fərdi ev (Qubada 9, Balakəndə 3, Xızıda 1, Kürdəmirdə 1, Naftalanda 6) də daxil olmaqla, onlardan artıq böyük əksəriyyəti verilib və bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8 min 318 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Vüqar Behbudov qeyd edib ki, uğurlu daxili və xarici siyasəti ilə ölkəmizi daim uğurlara, zəfərlərə doğru aparan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün yeni qəhrəmanlıq salnaməsi yazır. Təcavüzkar Ermənistanın işğalından azad edilən kənd və qəsəbələrimizin, şəhərlərimizin sırası genişlənir və əldə olunan möhtəşəm qələbələr hər birimizdə sonsuz iftixar hissləri yaradır. Şanlı tarix yazıldığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminat proqramı da davam edir.
Şəhid ailələri və müharibə əlilləri çıxış edərək torpaqlarımızı işğaldan azad edən, düşmənə sarsıdıcı zərbələr vuran ordumuzla, onun gücü, hünər və rəşadəti ilə fəxr etdiklərini bildirib, şəhidlərimizin qanının yerdə qalmadığını, azad edilən Vətən torpaqlarına görə şəhidlərimizin ruhunun da şad olduğunu vurğulayıblar. Onlar yüksək qayğı ilə əhatə olunduqlarından razılıqla bəhs edib, fərdi evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.