Bəstəkarlar İttifaqında İlahə Qismətin “Rəngli lövhələr” fortepiano məcmuəsinin təqdimatı olub
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli Konsert salonunda gənc bəstəkar İlahə Qismətin “Rəngli lövhələr” fortepiano məcmuəsinin təqdimatı keçirilib.
Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, tədbirdə ittifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova ABİ-də vaxtaşırı olaraq gənc bəstəkar və musiqişünasların yaradıcılığına dair tədbirlərin keçirilməsini xüsusi olaraq vurğulayıb. Bu mənada İlahə Qismətin də yaradıcılığına göstərilən qayğı və diqqəti qeyd edilib.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Nemət Mürsəlov, Ü.Hacıbəyli adına BMA-nın doktorantı Fidan Nəsirova-Əhmədova İlahə Qismətin həm bəstəkar, həm ifaçı, həm də elmi fəaliyyəti haqqında fikirlərini bildiriblər.
Çıxışlarda təqdim olunan “Rəngli lövhələr” fortepiano məcmuəsinin uşaqların musiqi tərbiyəsində mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.
Bəstəkar İlahə Qismət “Rəngli lövhələr” fortepiano məcmuəsinin yaranması ilə bağlı fikirlərini bölüşüb.
Tədbir “Rəngli lövhələr” fortepiano məcmuəsindən musiqi nümunələri ilə davam edib.
Xalq artisti, ABİ-nin sədri Firəngiz Əlizadə çıxış edərək İlahə Qismətə yaradıcılıq uğurlar arzulayıb.