Beyləqanın Dəmir dövrü abidələri tədqiq olunur
Bakı, 6 may, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənovun rəhbəri olduğu “Qarabağın Dəmir dövrü kuqanları: Füzuli rayonu Yedditəpə abidəsi və ətraf ərazilərin arxeoloji tədqiqi” layihəsi çərçivəsində ikinci mərhələ üzrə arxeoloji çöl tədqiqatları davam etdirilir. Layihədə institutun elmi əməkdaşları Təvəkkül Əliyev, Mikayıl Mustafayev, Nərmin Məmmədli və Nərmin Bayramova iştirak edirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində kurqanlar yaxın bölgələrdə yerləşən yaşayış yerləri ilə əlaqədə araşdırılır. Bu, dəfn abidələri ilə yaşayış yerləri arasında mövcud olan bağlılıqlarını müəyyən etməyə imkan verir.
Layihə iştirakçıları Beyləqan rayonu ərazisində Kəbirli kəndi yaxınlığında yerləşən Qaratəpə Dəmir dövrü abidəsinə, eləcə də Eyvazlılar kəndi ərazisində landşaft xüsusiyyətlərinə əsasən kurqan abidələri əraziləri kimi ehtimal edilən sahələrə baxış keçiriblər.
Qaratəpə abidəsində aparılan yerüstü müşahidələr zamanı müxtəlif dövrlərə aid keramika materialları qeydə alınıb. Toplanmış materiallar Dəmir dövrü, Antik dövr və orta əsrlərə aid nümunələri əhatə edir. Əvvəlki illərdə aparılmış arxeoloji tədqiqatlar nəticəsində abidənin e.ə. VII-V əsrlərə, e.ə. V-I əsrlərə və eramızın XI-XIII əsrlərinə aid mədəni təbəqələri müəyyən edilib. Cari baxış zamanı əldə olunan yerüstü materiallar bu xronoloji ardıcıllığı bir daha təsdiqləyir.
Eyni zamanda, ezam müddətində Qaratəpə abidəsinin topoqrafik planı hazırlanıb.
Eyvazlılar kəndi ərazisində yerləşən və əvvəllər qeydə alınmış bir neçə təpə üzrə də sahə baxışı həyata keçirilib. Aparılmış tədqiqatlar əsasında elmi nəşr hazırlanır.