CƏMİYYƏT
Beynəlxalq ekspert: Azərbaycan “yaşıl enerji” keçidinə kompleks yanaşmada model formalaşdırıb
![](/files/galleryphoto/2023/3/1200x630/17023914082711735929_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17023914082447257263_1200x630.jpg)
Bakı, 12 dekabr, AZƏRTAC
Dost ölkə olan Azərbaycanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi seçilməsi münasibətilə təbrik edir və uğurlar arzulayırıq. Azərbaycanın bu mötəbər tədbirə ev sahibi seçilməsi ölkənin beynəlxalq nüfuzunun göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistan-Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə beynəlxalq ekspert Qayser Nəvvab deyib.
COP28-in iştirakçısı olan ekspert Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən danışıb və xalqımızın çox qonaqpərvər olduğunu vurğulayıb.
“Azərbaycan dünyanı narahat edən qlobal məsələlərin müzakirə edildiyi bir məkana çevrilib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan iqlim dəyişikliyi ilə mübarizə də bu məsələlərdən biridir. Müdrik və uzaqgörən siyasətçi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nəinki regionda, həm də dünyada nüfuzu durmadan artır. Azərbaycan öz imkanlarını və potensialını çoxdan sübut edib.
Azərbaycanın gələn il Bakıda keçiriləcək COP29-un qlobal iqlim məsələsinin həllinə töhfə verəcəyinə ümidvarıq. Təsadüfi deyil ki, məhz bu platforma vasitəsilə konvensiyaya qoşulan 198 ölkə ilə iqlim danışıqları aparılacaq”, - deyə Q.Nəvvab vurğulayıb.
Ölkəmizin öz öhdəliklərinə sadiq olduğunu vurğulayan ekspertin sözlərinə görə, bu, “yaşıl enerji” keçidinə kompleks yanaşmada da özünü göstərir. İqtisadi artım, artan enerji tələbatı, iqlim dəyişikliyi ilə bağlı Azərbaycan qarşıya hədəflər qoyub: “Yaşıl enerjini” təşviq edən və istixana qazı emissiyalarını azaldan ölkənin dayanıqlı həll yollarına göstərdiyi diqqət beynəlxalq miqyasda genişlənir. Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı planlaşdırmaqla öz enerji infrastrukturunu sürətlə modernləşdirməyə müvəffəq olub. Bir sözlə, ölkə “yaşıl enerji” keçidinə nümunəvi model formalaşdırıb”.
Q.Nəvvab gənc ekofəal kimi qlobal temperatur artımının 1,5° C-dən aşağı səviyyədə saxlanılmasının tərəfdarı olduğunu bildirib.