Beynəlxalq elmi konfransda ədəbiyyatşünas alim Teymur Əhmədov haqqında məruzə dinlənilib
Bakı, 15 dekabr, AZƏRTAC
Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutunun təşkilatçılığı ilə “Tədqiqatların nəticələri” mövzusunda VI beynəlxalq elmi-nəzəri konfransı keçirilib.
Konfransın plenar iclasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin məruzəsi dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Almaz Ülvinin “Müdrik ömrün hikmətləri” (Professor Teymur Əhmədov - 90)” adlı məruzəsində Azərbaycan xalqının görkəmli alimi Teymur Əhmədov xeyirxah insan, ədəbiyyat tədqiqatçısı, nərimanovşünas alim və mətbuat tarixçisi kimi xarakterizə edilib. Diqqətə çatdırılıb ki, professor Teymur Əhmədov milli ədəbiyyat tariximizə ilk olaraq nərimanovşünas alim kimi daxil olub, tanınıb və nüfuz qazanıb. İndiyədək o, bu mövzuda saysız-hesabsız məqalələr və kitablar yazıb. Nəriman Nərimanov şəxsiyyəti, onun zəngin ədəbi irsi, ictimai fəaliyyəti Teymur Əhmədovun qələmində yenidən doğulub və xalqın mənəvi xəzinəsinə daxil olub.
Bildirilib ki, özünəməxsus tədqiqat ədası, yazı manerası olan alimin “Nəriman Nərimanovun dramaturgiyası”, “Böyük sənət bahadırı”, “Nəriman Nərimanov”, "N.Nərimanovun yaradıcılıq yolu", “Ədəbi qeydlər” və sair xeyli sayda bu kimi sanballı, irihəcmli kitabları tədqiq etdiyi mövzunun məhsullarıdır. O, ədəbiyyatşünas alim kimi ədəbiyyat tariximizə dair orijinal məzmunlu elmi-tədqiqat məqalələrin və kitabların müəllifidir. Ədəbiyyatımızın əksər nümayəndələrinin - yazıçı və şairlərinin, alimlərinin yaradıcılıq yolları Teymur müəllimin qələmində işıqlanıb. Olduqca zəhmətkeş bir tədqiqatçı olan Teymur müəllim gərgin axtarışlarının nəticəsi olan monoqrafiya və kitabların, elmi və publisistik məqalələrin müəllifidir.