Beynəlxalq Kembric Məktəbində “Oğuz elinin Novruzu” VİDEO
Naxçıvan, 18 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində “Oğuz elinin Novruzu” adlı təntənəli bayram şənliyi keçirilib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra "Dədə Qorqud"un və "Bahar qızı"nın səhnəyə gəlişi tədbirə rəmzi və milli ab-hava qatıb.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Beynəlxalq Kembric Məktəbində təhsil Kembric sisteminə əsaslansa da, milli dəyərlərin qorunması, yaşadılması hər zaman ön plandadır.
Novruzun xalqımızın ən əziz bayramlarından biri olduğunu qeyd edən rektor bütün tədbir iştirakçılarını, məktəb kollektivini bayram münasibətilə təbrik edib.
Şənlik çərçivəsində “Bahar gəlir”, “Bənövşə”, “Bahar xoş gəlib Azərbaycana” mahnıları və “Tənzərə yallısı”, “Cəngi” rəqsi kimi milli rəqs nömrələri təqdim olunub. "Kosa" və "Keçəl" obrazlarının məzəli çıxışları, xanın gəlişi tamaşaçılarda xoş ovqat yaradıb.
Tədbirdə xalqımızın zəngin folklor nümunələri təqdim olunub. Novruz ənənələrindən olan “Fincan oyunu” izlənilib.
Bayram şənliyi tonqalın qalanması və iştirakçıların birlikdə oynadığı “Yallı” rəqsi ilə başa çatıb.
Müxbir- Nail Əsgərov