Beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi
Bakı, 21 iyun, AZƏRTAC
Avqustun 9-14-də “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin tərəfdaşlığı ilə Şamaxı rayonunda beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi təşkil ediləcək.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, yay məktəbinin keçirilməsində məqsəd müxtəlif yerli, xarici universitetlərin tələbə və məzunlarına dünya, eləcə də regiondakı siyasi-iqtisadi vəziyyətin obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, xarici siyasət mövzuları üzrə müzakirələrdə iştirak imkanı yaratmaqla səmərəli öyrənmə platformasının təsis edilməsidir.
Yay məktəbində siyasi elmlər, beynəlxalq münasibətlər, hüquq, beynəlxalq hüquq, regionşünaslıq və dövlət idarəçiliyi ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələrinin, sadalanan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son illərdə məzun olmuş gənc peşəkarların (yerli və xarici ali təhsil müəssisələrindən) iştirakı nəzərdə tutulur. Bununla yanaşı, yay məktəbinin mövzusu üzrə beynəlxalq təlim və seminarlarda iştirak etmiş, eləcə də yerli və xarici təşkilatlarda təcrübə keçmiş şəxslərin, yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə, komandada işləmək, düzgün qərar qəbul etmək bacarıqlarına malik gənclərin və ingilis dili üzrə səlis danışıq və yazı qabiliyyəti olan namizədlərin (digər dilləri bilmək üstünlükdür) iştirakı nəzərdə tutulur.
İştirak etmək istəyən və müvafiq tələblərə uyğun gələn şəxslər nazirliyin saytında müvafiq linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat iyulun 16-dək davam edəcək.
Qeydiyyatdan keçən iştirakçıların dil bacarıqları və mövzuya dair ilkin biliklərinin qiymətləndirilməsi üzrə müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Proqram haqqında daha ətraflı məlumat isə seçilmiş iştirakçılara təqdim olunacaq.