Beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova: Naxçıvan bu gün şahmatçıların Vətəninə çevrilməkdədir
Naxçıvan, 26 may, AZƏRTAC
Mən deyərdim, Naxçıvan bu gün şahmatçıların Vətəninə çevrilməkdədir. Çünki burada şahmat yarışları çox möhtəşəm keçirilir. Mən mütləq vurğulamalıyam ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan, Naxçıvanda keçirilən ənənəvi beynəlxalq şahmat festivalı xarici şahmatçılar tərəfindən də maraqla qarşılanır. Biz xaricdə təşkil edilən şahmat yarışlarında iştirak edəndə onlar həmişə soruşur ki, Naxçıvanda festival nə vaxt olacaq? Deyirlər ki, biz Naxçıvanda özümüzü daha rahat hiss edirik. Doğrudan da, Naxçıvanda yarışlar çox yüksək səviyyədə keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda təşkil olunan qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında mübarizə aparan tanınmış şahmatçı Şəhriyar Məmmədyarovun bacısı, beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova deyib.
Təəssüratlarını jurnalistlərlə bölüşən beynəlxalq qrosmeyster vurğulayıb ki, Naxçıvanda uşaqlar da şahmatla sevərək məşğul olurlar. Bu, ilk növbədə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmana, xüsusilə də şahmata böyük qayğısının göstəricisidir. O deyib: “Eşidəndə ki, Naxçıvanda qadınlar arasında ölkə çempionatı olacaq, buna həddindən çox sevindim. Bu çempionat Naxçıvanda keçirilirsə, şübhəsiz ki, təşkilatçılıq da yüksək səviyyədədir. Bizim üçün hər bir şərait yaradılıb, burada hamının böyük hörmət və sevgisi ilə qarşılaşırıq”.
Yarış barədə də danışan Zeynəb Məmmədyarova bildirib ki, beş turdan sonra liderlər qrupundadır. Birinci-ikinci yerləri Gülnar Məmmədova ilə bölüşüb. Dörd oyun udub, bir oyun heç-heçə olub. Qrosmeyster dünya kubokunda oynayan üç azərbaycanlı qadından biri olan Ülviyyə Fətəliyeva ilə oyunu heç-heçə başa vurub. Həmçinin beynəlxalq qrosmeyster Xəyalə Abdulla ilə oynayıb və qalib gəlib. Bu yarışda gənclər də fəal iştirak edirlər. İki şahmatçı Naxçıvandandır. Onlar da gözəl oyun üslubuna sahibdirlər. Sevindirici haldır ki, Naxçıvanda qızlar arasında şahmata meyil güclüdür. Bu, böyük uğurdur. Bəli, rəqiblərin hamısı çox güclüdür. Xüsusilə gənclər həddindən çox şahmata meyilli olmaqla, hər gedişdə taktika işlədirlər.
“Ona görə mənim oyunum ən sonda qurtarır, rəqiblərimlə həddindən çox ehtiyatlı davranıram. Əgər bir balaca fikirləşsən ki, zəif rəqib var, bu, sənin zəif şahmatçı olduğunu göstərir. Kiçik bir diqqətsizlik etsən, rəqibi qiymətləndirməsən, sonda uduzarsan. Rəqibə həmişə hörmətlə yanaşmaq lazımdır”, - deyən beynəlxalq qrosmeyster vurğulayıb ki, uğur qazanmaq üçün məşğul olduğun sahəyə çox zaman ayırmalısan. İstedad dediyimiz hər hansı bir sahəyə olan sevgi və məhəbbətdir. Bu varsa, uğur da qazanacaqsan.
Naxçıvana çempion olmaq üçün gəldiyini qeyd edən Zeynəb Məmmədyarova bütün şahmatçılara uğurlar arzulayıb.
O, Naxçıvanla bağlı xatirələrindən də danışaraq deyib: “Mən ilk dəfə Naxçıvanda 2003-cü ildə keçirilən dünya çempionatında oynamışam. Azərbaycanın ən gözəl guşələrindən birində, mənim ən çox sevdiyim şəhərdə təşkil edilən oyunda qardaşım, tanınmış şahmatçı Şəhriyar Məmmədyarov oğlanlar arasında I, mən isə qızlar arasında III yerə çıxmışdım. Naxçıvan o vaxtdan uğur gətirib mənə. O gündən bu günə bizim ailənin bu diyara çox böyük bağlılığı, sevgisi var. Eyni zamanda, muxtar respublikada şahmata həddindən çox böyük sevgi var. Bu isə yarışda iştirak edən şahmatçılara ruh yüksəkliyi bəxş edir”.