Beynəlxalq simpoziumda türkoloji folklorşünaslığın aktual problemləri müzakirə olunub
Bakı, 3 iyul, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” Beynəlxalq elmi simpoziumu çərçivəsində xüsusi panel iclası təşkil edilib. “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusuna həsr olunan iclasda UNESCO üzrə Türkiyə Milli Komissiyasının İdarə Heyətinin sədri, tanınmış folklorşünas alim, professor Öcal Oğuz iştirak edib.
AZƏRTAC xəbər verir ki, paneli AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev açaraq, Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi-mədəni tarixində müstəsna yer tutduğunu bildirib. Qeyd edib ki, bu mötəbər elmi irs yalnız tarixi hadisə kimi deyil, həm də müasir türkoloji və folklorşünaslıq tədqiqatlarının metodoloji əsaslarını müəyyənləşdirən mühüm intellektual platformadır. Hikmət Quliyev vurğulayıb ki, qloballaşma və rəqəmsal transformasiya şəraitində folklorşünaslığın qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi, ortaq türk mədəni irsinin elmi əsaslarla öyrənilməsi və gələcək nəsillərə ötürülməsi Türk dünyası alimlərinin qarşılıqlı əməkdaşlığını daha da zəruri edir.
Direktor bildirib ki, UNESCO üzrə Türkiyə Milli Komissiyasının İdarə Heyətinin sədri, professor Öcal Oğuzun iştirakı ilə keçirilən bu panel də məhz Türk dünyasında elmi əməkdaşlığın genişləndirilməsi, qeyri-maddi mədəni irsin qorunması və beynəlxalq elmi təcrübənin paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, belə elmi müzakirələrin türkoloji fikrin inkişafına, UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması prinsiplərinin elmi müstəvidə təşviqinə və ortaq elmi strategiyanın formalaşmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Sonra "Folklorşünaslığın qeyri-maddi mədəni irs yolçuluğu" adlı məruzə ilə çıxış edən UNESCO üzrə Türkiyə Milli Komissiyasının İdarə Heyətinin sədri, professor Öcal Oğuz müasir dövrdə qeyri-maddi mədəni irsin qorunmasının nəzəri və praktik aspektlərinə toxunaraq, bu istiqamətdə qarşıda duran aktual çağırışları təhlil edib. Bildirib ki, rəqəmsallaşma prosesi yeni imkanlar yaratmaqla yanaşı, xüsusilə uşaqların və gənclərin sosiallaşması, mədəni mühitlə canlı təması və ənənəvi dəyərlərin mənimsənilməsi baxımından ciddi problemlər meydana çıxarır. Professorun sözlərinə görə, uşaqların virtual mühitdə daha çox vaxt keçirməsi ailədaxili ünsiyyətin, nəsillərarası əlaqələrin və yaşıdlarla canlı münasibətlərin zəifləməsinə səbəb olur ki, bu da mədəni irsin təbii ötürülmə mexanizminə mənfi təsir göstərir.
Öcal Oğuz vurğulayıb ki, qeyri-maddi mədəni irsin qorunması yalnız onun sənədləşdirilməsi və ya rəqəmsal platformalarda təqdim olunması ilə məhdudlaşmamalıdır. Əsl qoruma mədəni bilik və təcrübənin ailə, məktəb və cəmiyyət vasitəsilə nəsildən-nəslə canlı şəkildə ötürülməsidir. Bu baxımdan formal təhsil, qeyri-formal təhsil və ailə-mühitində həyata keçirilən təbii öyrənmə prosesinin bir-birini tamamlayan vahid sistem kimi fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.
Məruzədə UNESCO-nun 2003-cü il Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında Konvensiyasının bu sahədə yaratdığı yeni yanaşmalar da geniş təhlil olunub.
Professor qeyd edib ki, mədəni müxtəlifliyin qorunması bəşəriyyətin gələcəyi baxımından strateji əhəmiyyət daşıyır. Xalqların mifoloji düşüncəsinin, folklor yaddaşının, milli simvol və ənənələrinin yaşadılması cəmiyyətlərdə milli kimlik və mənsubiyyət hissini möhkəmləndirir, nəsillərarası varisliyi təmin edir. Bu baxımdan qeyri-maddi və maddi mədəni irsin bir-birindən ayrı deyil, vahid sistem kimi qorunmasının vacibliyini vurğulayan Öcal Oğuz, dövlət qurumları, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyəti və yaradıcı sənaye nümayəndələrinin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.
Panel interaktiv müzakirələrlə davam edib.