“BİLƏSUVAR AQRO” MMC-NİN SÜD ZAVODU AZƏRBAYCANI QURU SÜD İXRAC EDƏN ÖLKƏYƏ ÇEVİRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də Prezident İlham Əliyev “Biləsuvar AQRO” MMC-nin süd zavodu ilə tanış olmuşdur.
İnşasına 2007-ci ildə başlanmış zavodda tikinti-quraşdırma işləri bu ilin sentyabrında tamamlanmışdır. Zavodda Almaniya, Polşa, Türkiyə, ABŞ və digər ölkələrdən alınmış avadanlıq quraşdırılmışdır.
İstehsal prosesi üçün lazım olan su süni göldən götürülür və ABŞ-dan gətirilmiş mükəmməl qurğuda təmizlənir.
Regionda analoqu olmayan bu müəssisənin işə düşməsi ilə ölkənin daxili tələbatı tam ödəniləcək, eyni zamanda, Azərbaycan quru süd kimi mühüm məhsul ixrac edən ölkəyə çevriləcəkdir. Artıq Gürcüstandan və bir sıra digər ölkələrdən sifarişlər alınmışdır. Zavodda süddən kərə yağı alınır, qalan kütlədən isə mükəmməl texnologiya əsasında yağsız və 25 faiz yağlılığı olan quru süd istehsal edilir.
Hazırda zavodda bir növbədə 70 nəfər çalışır. Tədricən onların sayı artacaq və müəssisə üç növbədə işləyəcəkdir. İlk vaxtlar Biləsuvardan və ətraf rayonlardan əhalidən 50-60 ton südün qəbul edilməsi nəzərdə tutulmuşdur.
Zavod ətraf bölgədə südçülük istiqamətli heyvandarlığın, habelə əkinçiliyin inkişafına da müsbət təsir göstərəcəkdir. Bunun hesabına 500 nəfərin işlə təmin ediləcəyi gözlənilir. Müəssisənin rəhbərliyi Hollandiyadan 500-dək xüsusi cins inək gətirməyi də planlaşdırır.
Prezident İlham Əliyev südün qəbulu sexində zavodun işə düşməsini bildirən düyməni basdı, müəssisənin istehsal sahələri ilə tanış oldu.
Dövlətimizin başçısı zavodun kollektivinə uğurlar arzuladı, rayonun sosial-iqtisadi inkişafına dair görülən işlər barədə tövsiyələrini söylədi.
######
![]() |
![]() |

