Biləsuvar rayonunun elektrik təsərrüfatı yenidən qurulur
Bakı, 1 sentyabr, AZƏRTAC
Biləsuvar rayonunu dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə elektrik təsərrüfatı yenidən qurulur.
AZƏRTAC “Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda 110/35/10 kV-luq Biləsuvar yarımstansiyasından qidalanan və şəhərin müəyyən hissəsini elektrik enerjisi ilə təchiz edən 11 saylı hava xəttinin yeni SİP kabellə əvəz edilməsi işlərinə başlanılıb.
Hazırda xəttin keçdiyi küçələrdə yeni elektrik dirəklərinin basdırılması işləri aparılır. Yaxın günlərdə 7300 metr məsafədə SİP kabel xətlərinin çəkilişlərinə başlanılacaq.
Qeyd olunub ki, görülən işlər əhalinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatına imkan yaradacaq.