Biləsuvarda II “İti dəryaz” otbiçmə yarışı keçirilib
Biləsuvar, 25 iyul, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda xalqımızın qədim təsərrüfat ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə artıq ikinci dəfə “İti dəryaz” otbiçmə yarışı təşkil olunub. Qeyri-maddi mədəni irsin təbliğinə xidmət edən bu maraqlı tədbir rayonda böyük maraqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Biləsuvarın müxtəlif kəndlərini təmsil edən 20 komanda iştirak edib. Hər komandada 2 nəfər olmaqla, ümumilikdə 40 nəfər dəryazçı bu qədim sənətin incəliklərini nümayiş etdirib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, yerli ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Rəsmi hissədən sonra yarışa start verilib. Dəryazçıların iti əlləri ilə biçdikləri ot sahələri yarış ruhunu və peşəkarlığı bir daha nümayiş etdirib. Nəticələrə əsasən birinci yeri Çaylı kəndinin komandası, ikinci yeri Təzəkənd kəndinin komandası, üçüncü yeri isə Dərvişli kəndinin komandası tutaraq mükafatlandırılıb.
Yarışda fərqlənən iştirakçılar da diqqətdən kənarda qalmayıb. “Ən qocaman dəryazçı” nominasiyası ilə Aşağı Cürəli kənd sakini, 66 yaşlı Məmmədov Nəriman Salman oğlu, “Ən gənc dəryazçı” isə Səmədabad kənd sakini, 23 yaşlı Əhədli Nahid Əlisa oğlu mükafatlandırılıb.