BİLƏSUVARDA OLİMPİYA-İDMAN KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də Biləsuvarda Olimpiya-İdman Kompleksinin açılışı olmuşdur.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Olimpiya oyunlarında ölkəmizi təmsil etmiş idmançılar səmimiyyətlə qarşıladılar.
Dövlətimizin başçısı kompleksin açılışını bildirən lenti kəsdi, ümummilli lider Heydər Əliyevin idmana qayğısını və ölkəmizin idman uğurlarını əks etdirən fotostendə baxdı.
Məlumat verildi ki, 6,5 hektar ərazidə yerləşən kompleksin təməli 2007-ci ilin fevralında qoyulmuş, bu ilin sentyabrında tikinti başa çatdırılmışdır. Tikintinin gedişində burada hər ay orta hesabla 100 nəfər işləmiş, onların orta aylıq əmək haqqı 350-400 manat təşkil etmişdir.
Kompleksə 910 tamaşaçı tutan tribunaları olan əsas idman salonu, 25 metrlik üzgüçülük hovuzu, müasir idman avadanlığı quraşdırılmış kiçik və böyük trenajor zalları, məşq zalları, şahmat otağı, stolüstü tennis salonu və yardımçı otaqlar daxildir.
Yüz nəfərlik yeməkxanası olan kompleksin ərazisində 50 yerlik mehmanxana, habelə ikimərtəbəli iki kottec də tikilmişdir.
Müasir standartlara cavab verən kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün lazımi şərait var. Kompleksin ərazisi tam abadlaşdırılmış, müxtəlif növ dekorativ ağaclar və gül kolları əkilmişdir.
Prezident İlham Əliyevə Biləsuvar idmançılarının son vaxtlar qazandıqları uğurlar haqqında da məlumat verildi. Bildirildi ki, bu kompleks rayonda idmanın inkişafına böyük təkan verəcəkdir.
######
![]() |
![]() |
![]() |


