Biləsuvarda Vətən müharibəsi şəhidləri Elvin Kərimovun və Vüqar Sarıyevin adları əbədiləşdirilib
Biləsuvar, 12 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar rayonunda Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan Elvin Kərimovun və Vüqar Sarıyevin xatirəsi ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid döyüşçülərin adlarını əbədiləşdirmək məqsədilə Elvin Kərimovun doğulduğu Çaylı kəndində yaşadığı evə vurulmuş barelyefin, Vüqar Sarıyevin doğulduğu Amankənd kəndində isə barelyefin və bulağın açılışı olub.
Hər iki kənddə keçirilən açılış mərasimlərində rayonun rəhbər işçiləri, şəhidlərin ailə üzvləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərinin qəhrəmanlığından, o cümlədən hər iki şəhidin şərəfli döyüş yolundan danışıblar.
Tədbir iştirakçıları hər iki şəhidin ailə üzvləri ilə görüşərək onların problemləri ilə maraqlanıb, ildönümü ilə əlaqədar keçirilən mərasimlərdə iştirak ediblər.
Həmçinin şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, şəhid Elvin Mürşüd oğlu Kərimov 1985-ci il sentyabrın 13-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Vətən müharibəsində Suqovuşan əməliyyatında şəhidlik zirvəsinə yüksəlib. İgid döyüşçü ailəli idi, üç qız övladı ondan əmanət qalıb. “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Vüqar Fikrət oğlu Sarıyev isə 1990-cı il noyabrın 26-da Biləsuvarın Amankənd kəndində anadan olub. O, Vətən müharibəsinə Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşub. Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ailəli idi, 2 oğlu və 1 qızı yadigar qalıb. “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.