ELM VƏ TƏHSİL
Biləsuvarlı gənclər “Vikipediya”da məqalələrin zənginləşdirilməsinə öz töhfələrini verirlər
Bakı, 21 sentyabr, AZƏRTAC
Bu gün “Vikipediya”da könüllülər tərəfindən müxtəlif sahələrdə yüzlərlə məqalə yaradılır, zənginləşdirilir və əsaslı redaktə olunur. “Vikipediya”nın xarici dil bölmələrində də məlumatlar tərcümə olunaraq yerləşdirilir. “Vikipediya”da müxtəlif dillərdə yaradılan və zənginləşdirilən məlumatlardan sabah fərqli sahələrdə çalışan yüzlərlə şəxs faydalanmış olacaq. Biləsuvarlı gənclər də bu işə öz töhfəsini verir, “Vikipediya”da məqalələrin zənginləşdirilməsində könüllü kimi fəaliyyət göstərirlər.
Bu barədə AZƏRTAC-a Biləsuvar rayonunda fəaliyyət göstərən könüllülərdən ibarət “Viki” qrupun koordinatoru, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnur Hüseynli məlumat verib.
“Təlimlərə başladıqdan sonra “Vikipediya”da məqalələr yaratmaq əslində bir xobbiyə çevrildi. Könüllü və faydalı bir işlə məşğul olmaq üçün “Vikipediya” ideal platformadır. Sevindirici haldır ki, gənclərin əksəriyyəti bu sahəyə böyük maraq göstərir. Komandanın fəal üzvləri - Könül Mahmudova, Günay Şahbazlı, Əminə Əhmədzadə, Fidan Orucova, Ruqiyyə Orucova, Emin Abbaszadə və Pərvin İskəndərova böyük həvəslə çalışırlar. Ümumiyyətlə, könüllülər tərəfindən müxtəlif mövzularda 20-ə yaxın məqalə yaradılıb və redaktə olunub. Qarşıda hədəflərimiz böyükdür”, - deyə E.Hüseynli bildirib.
Qeyd edək ki, Biləsuvar rayonunda “Viki” könüllülər qrupu Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun təşəbbüsü ilə yaradılıb.