Bilik Fondu Almaniyanın tanınmış hüquqşünasının mühazirəsini təşkil edib
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Almaniyanın tanınmış hüquqşünası, Frankfurt şəhərindəki “Kanzlay Haynzen” hüquq şirkətinin vəkili Stefan Heynzelin “Almaniya Federativ Respublikasının ailə hüququnun özəllikləri” mövzusunda mühazirəsini təşkil edib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyinin 3 nömrəli Bakı “ASAN xidmət” mərkəzində təşkil olunan tədbir fondun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində keçirilib.
Tədbirdə agentliyin insan resursları və təlim şöbəsinin müdir müavini, “ASAN könüllülük” məktəbinin rəhbəri Cahangir Hacıyev təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, tədbirin keçirilməsi üçün məkan kimi “ASAN xidmət” mərkəzinin seçilməsinə görə Bilik Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.
Fondun aparat rəhbəri, professor İsaxan Vəliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyinin Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə yaradıldığını, bu qurumun dövlətimizin başçısının korrupsiya ilə mübarizə siyasətində səmərəli bir təsisata çevrildiyini xüsusi vurğulayıb.
Agentlik ilə Bilik Fondu arasındakı əməkdaşlığa, iki qurumun birgə fəaliyyətinə dair imzalanmış memorandumu xatırladan İ.Vəliyev Azərbaycanın və Almaniyanın ailə məcəlləsinin bəzi oxşar və fərqli xüsusiyyətlərindən danışıb. O, Azərbaycanda vəkillik təsisatında baş verən köklü islahatların insan hüquq və azadlıqların təminatı istiqamətində gözlənilən nəticələr verdiyini konkret misallarla dinləyicilərin diqqətinə çatdırıb.
Stefan Heynzel mühazirəsində Almaniya Federativ Respublikasının ailə qanunvericiliyində nikah və boşanma institutlarının mahiyyətini dinləyicilərə izah edib. Natiq daha sonra boşanma, nikahın etibarsız hesab edilməsi və vərəsəlik institutlarının Azərbaycan qanunvericiliyi ilə müqayisəli təhlilini aparıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.