Bill Qross: varlılar daha çox vergi ödəməlidirlər
Bakı, 1 noyabr (AZƏRTAC). Dünyada ən böyük istiqraz fondunu idarə edən Bill Qross ABŞ-ın ən zəngin adamlarını milli iqtisadiyyata kömək məqsədi ilə faiz gəliri və kapital artımı üzərində daha yüksək vergilərin tətbiqini dəstəkləməyə çağırmışdır.
İnvestisiyalar üzrə “Pacific Investment Management Co” şirkətinin həmtəsisçisi və direktorlarından biri olan B.Qross demişdir ki, gəlir səviyyəsi yüksək olan insanlar alınan faizlər üçün daha yüksək vergiləri və kapital artımı üçün gəlir vergisinin maksimum dərəcələrinin tətbiqini dəstəkləməyə hazır olmalıdırlar.
Bu barədə “Reuters” agentliyi xəbər verir.
Faiz gəlirindən adi yüksək gəlir üçün maksimal dərəcə olan təqribən 40 faiz əvəzinə, 20 faiz dərəcəsi ilə vergi tutulur.
Qross qeyd etmişdir ki, milyarderlər Uorren Baffett və Stenli Drakenmiller də belə təkliflərlə çıxış edirlər.
Milyarder demişdir: “Kapital üçün vergi dərəcələrinin əməyin vergi dərəcələrindən aşağı olması dövrü başa çatmalıdır”.
Qross etiraf etmişdir ki, o, ABŞ əhalisinin 1 faizini təşkil edən ən zəngin adamlar sırasındadır. O bildirmişdir ki, vergilərin artırılması ABŞ-ın rəqabət mövqelərini Almaniya və Kanadaya nisbətən yaxşılaşdıra bilər.
Onun sözlərinə görə, gəlirlərdəki uyğunsuzluq minimum olduqda inkişaf etmiş iqtisadiyyatlar daha yaxşı fəaliyyət göstərirlər.
Bundan əvvəl Qross CNBC kanalının müxbirinə verdiyi müsahibədə demişdir ki, o və arvadı həyatla vidalaşmazdan əvvəl bütün pullarından yaxa qurtarmağı öhdəyə götürmüşlər.
Qəribədir ki, milyarder gəlirlərdəki tarazsızlığın artmasına görə ABŞ-ın Federal Ehtiyat Sistemini (FES) günahlandırmışdır.
O belə hesab edir ki, 2008-ci ilin sonundan qüvvədə olan və demək olar, hər il 1 trilyon dollarlıq aktivlər alınmasını nəzərdə tutan proqram investorları “məhsuldar əsas vəsaitlərə” deyil, riskli aktivlərə vəsait qoymağa məcbur etmişdir.
Hazırda FES hər ay 85 milyard dollar həcmində xəzinə və ipoteka istiqrazları alır. Həmçinin FES 2008-ci ilin sonundan faiz dərəcələrini sıfır həddinə saxlayır.
Qross daha sonra demişdir: “Hər bir şirkətin və bütün ölkələrin uzunmüddətli inkişafı tarazlıq barədə kimyagərlik əməliyyatlarından və maliyyə ovsunlarından deyil, investisiyalardan, şirkətin və ya ölkənin məhsuluna son tələbdən asılıdır”.