Binəqədi rayonunda “Zəfər Günü”nün 5 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Bakının Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində və şanlı Qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “8 Noyabr – Qürurumuzun, Varlığımızın, Birliyimizin təntənəsi” adlı ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının, ictimai birliklərin nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqın birliyinin, iradəsinin və dövlətçiliyin parlaq təntənəsidir. “Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgərinə, şəhidlərimizə, qazilərimizə minnətdarıq”, - deyə o əlavə edib.
Milli Məclisin deputatı Azay Quliyev vurğulayıb ki, bu Qələbə təkcə hərbi gücün deyil, milli iradənin və xalqın birliyinin nəticəsidir. “Azad Qarabağda bu gün ucalan hər bina, açılan hər məktəb, səslənən hər azan o möhtəşəm günlərin davamıdır. Biz fəxr edirik ki, bu Zəfər xalqımıza məxsusdur və bu Qələbənin işığı gələcək nəsillərin yolunu daim nurlandıracaqdır. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan şəhidlərimizi dərin ehtiram hissi ilə anır, qazilərimizə şəfa diləyir, rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə minnətdarlığımızı bildiririk”, - deyə deputat vurğulayıb.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şəhid valideyni Şahin Sadıqov çıxışlarında Zəfərin tarixi əhəmiyyətindən, dövlət rəhbərliyinin şəhid ailələrinə göstərilən diqqət və qayğısından danışıblar.
Tədbirin bədii hissəsində tanınmış sənətçilərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən “Zəngəzur yallısı” ifa edilib.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.