Bioloji fəallığa malik qida əlavələri xəstəliklərin müalicəsi məqsədilə istifadə edilməməlidir
Bakı, 13 oktyabr, AZƏRTAC
Bioloji fəallığa malik qida əlavələrinin idxalı “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2018-ci il iyulun 16-da, ekspertizası isə 2018-ci il iyulun 10-da verdiyi qərarlarla təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu sahədə qanunvericiliyin tələblərinə riayət olunması və istehlakçıların hüquqlarının qorunması məqsədilə davamlı olaraq bioloji fəallığa malik qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsi istiqamətində işlər aparılır, görüşlər keçirilir. Lakin bir çox hallarda sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunur.
Qanunvericiliyin tələbinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsi qeyd edilməlidir. Həmçinin bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi və qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Həmin tələblərdən irəli gələrək, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında hər hansı xəstəliyin adı, profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilmir.
Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, ölkəyə gətirilən bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində təmin edilməlidir. Ona görə də bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməli, istehlakçılar isə həmin məhsulları alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmalıdırlar.