“BİOMÜXTƏLİFLİYİN GENETİK EHTİYATLARI” MÖVZUSUNDA I BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, AMEA-nın akademikləri və müxbir üzvlərinin, görkəmli alimlərin iştirak etdikləri tədbirin iştirakçılarına 20-dən çox ölkə aliminin genetik ehtiyatlarla bağlı son illərdə apardığı tədqiqatların nəticələrini əks etdirən 50-dək məruzə təqdim olunmuşdur.
Konfransı giriş sözü ilə AMEA Biologiya Elmləri Bölməsinin akademik-katibi, akademik Musa Musayev açmışdır. Bioloji müxtəlifliyin genetik ehtiyatları sahəsindəki tədqiqatların nəticələrinin ərzaq təhlükəsizliyi və davamlı inkişafa nail olunmasında rolunu, alimlər və tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini xüsusi vurğulayan natiq, akademik Cəlal Əliyevin rəhbərliyi altında son illərdə müvafiq elm sahələrində qazanılmış uğurlardan danışmışdır.
İCARDA-nın Cənubi Qafqaz və Mərkəzi Asiya Regionu üzrə əlaqələndiricisinin müavini Zakir Xalikulov Azərbaycanda son illərdə genetik ehtiyatlar sahəsində atılmış uğurlu addımların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.
İnstitutun direktoru Zeynal Əkbərov və KTN Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev müvafiq elm sahəsinin aparıcı istiqamətləri, görülmüş və görüləcək işlər haqqında müfəssəl məlumat vermişlər. Bildirilmişdir ki, genetik ehtiyatların toplanması, öyrənilməsi, mühafizəsi, sənədləşdirilməsi, seleksiya, gen mühəndisliyi və ərzaq məqsədi ilə səmərəli istifadəsi problemlərinə həsr edilmiş 120-dən çox konfrans materialını özündə birləşdirən məcmuə nəfis şəkildə “Elm” nəşriyyatında nəşr edilmişdir.
İştirakçılar və qonaqlar regionda ilk dəfə olaraq Genetik Ehtiyatlar İnstitutunda yaradılmış, genetik ehtiyatların orta və uzunmüddətli saxlanması məqsədinə xidmət edəcək Milli Genbankla tanış olmuşlar. Onların yekdil fikrinə görə, bu konfrans genetik ehtiyatlar üzrə elmi araşdırmalar sahəsində yeni bir dövrün başlanğıcını qoymuşdur.