Bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabərdir
Bakı, 11 mart, AZƏRTAC
Son vaxtlar bir çox bələdiyyələr əhalini narahat edən problemlərin həllinə yönəlmiş sosialyönümlü layihələr həyata keçirirlər. Bildiyiniz kimi, şəhər bələdiyyələri park və küçələrin abadlaşdırılmasında yaxından iştirak edirlər. Bu gün Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təşkilatçılığı ilə 200-dən çox həmişəyaşıl ağac əkildi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev deyib.
“Biz bununla həm də hər kəsə “Ağac kəsməyə yox, əkməyə dəstək” mesajını vermiş olduq. Ümummilli Lider Heydər Əliyevin bir kəlamı var: “Bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabər olan bir şeydir”. Ağacları əkib suvarmaq, böyütmək, şəhəri yaşıllığa çevirmək xalqımız üçündür, gələcək nəsillərin sağlam yaşaması eyni zamanda Bakının iqlimi üçündür. Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları şəhər, qəsəbə və kənd bələdiyyə üzvlərinin beynəlxalq təcrübədən yararlanaraq əhali ilə sırf ünsiyyətdə olub problemlərinin köklü həll olunması istiqamətində də bir sıra layihələrin icrasına başlayıb. Hədəf, bələdiyyə sistemində köklü dəyişiklik edərək vətəndaş məmnunluğu yaratmaq, ölkədə gedən qlobal islahatlara öz töhfəsini verməkdir.
Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirdiyimiz bu sosial layihənin davamı kimi hər birimiz bu salınan yaşıllığa qayğı göstərməli, ekoloji tarazlığın təminatı üçün əlimizdən gələni etməliyik”, - deyə T.Tağıyev qeyd edib.