Bir qrup azərbaycanlı alim Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki seçilib
Gəncə, 3 iyul, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Mərkəzi Kitabxanasında bir qrup alimə Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiklik diplomları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə “Turan” Elmlər Akademiyasının Azərbaycan filialının rəhbəri, akademik Sabir Tağıyev çıxış edib. Bildirib ki, son illər Azərbaycan və Özbəkistan xalqları arasındakı qədim dostluq ənənələri və əməkdaşlıq əlaqələri daha da möhkəmlənib. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Həmçinin hər iki ölkənin alimlərinin qarşılıqlı elmi əlaqələri də intensivləşib.
Sonra Əməkdar rəssam, Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının professoru Şaiq Məmmədova, Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının dosenti, Prezident təqaüdçüsü Bayram Apoyevə və Azərbaycan Rəssamlar İttifaqının üzvü, miniatürçü rəssam Fərman Hüseynova “Turan” Elmlər Akademiyasının akademiklik diplomları və medalları təqdim olunub.
Tədbirdə çıxış edənlər təltif edilən alimlərin məhsuldar elmi və ictimai fəaliyyətlərindən söhbət açıblar.
Şaiq Məmmədov, Bayram Apoyev və Fərman Hüseynov “Turan” Elmlər Akademiyası rəyasət heyətinin üzvlərinə minnətdarlığını bildirib, Azərbaycan və özbək alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən danışıblar.