BMqT: Dünyada iqlim miqrasiyası dövrü başlayıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yeni baş direktoru Emi Pop bəyan edib ki, dünyada iqlim miqrasiyası dövrü başlayıb və gələcək demoqrafik fəlakətlərin qarşısını almaq üçün qlobal istiləşmə ilə bağlı problemlərin həll edilməsi istiqamətində təcili həll yolları tapılmalıdır.
AZƏRTAC xəbər verir ki, Emi Pop dünya ictimaiyyətinə müraciətində deyib: "İqlim dəyişikliyi ilə kontinental miqyasda insan hərəkətliliyi əlaqəsini həll etmək üçün yeni yanaşmalar lazımdır. Afrika qitəsində getdikcə artan quraqlıq, aclıq və səfalət qlobal humanitar böhran yaradacaq”. O əlavə edib ki, hazırda Nayrobidə keçirilən Afrika İqlim Sammiti miqrasiyanın qarşısını almaq üçün yeni tol xəritəsi müəyyən etməlidir. “Afrika ölkələri iqlim böhranının quraqlıq, daşqınlar, ekstremal hava istiliyi, dəniz səviyyəsinin qalxması kimi dəhşətli təsirlərinə daha çox məruz qalır. İnkişaf etmiş dövlətlər humanitar fəlakətin qarşısını almaqda onlara təcili yardımlar etməlidir”, -deyə təşkilatın rəhbəri vurğulayıb.
Cenevrədə yerləşən Daxili Köçkünlərin Monitorinqi Mərkəzinin hesabatına görə, 2022-ci ildən bəri Afrikada 7,5 milyondan çox fəlakət qeydə alınıb. Dünya Bankının 2021-ci il hesabatına görə, iqlim üzrə fəaliyyət planı olmadan, təkcə bu qitədə 2023-cü ilin sonunadək 105 milyona qədər insanın daxili miqrant olacağı təhlükəsi var.
Bu ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi planlaşdırılan COP28 İqlim Sammitində də iqlim dəyişikliyinin miqrasiyaya təsirləri, xüsusən Afrikada olan fəlakətli vəziyyətlə bağlı geniş müzakirələr aparılacaq.