BMT BAŞ KATİBİ DÜNYA ƏRZAQ GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
Dünya Ərzaq Gününün builki mövzusunun “Kənd təsərrüfatı və mədəniyyətlərarası dialoq” olduğunu qeyd edən baş katib bunun 10 min il əvvəl əcdadlarımızın yabanı taxıl əkməyi və heyvanları əhilləşdirməyi öyrəndiyi vaxtdan bəri bəşər sivilizasiyasının kənd təsərrüfatı sahəsində əldə etdiyi zəfərləri əks etdirdiyini vurğulamışdır.
K.Annan müraciətində planetimizdə bütün sakinlərin qidalanması üçün kifayət qədər ərzaq istehsal edilməsinə baxmayaraq, hazırda 850 milyondan çox insanın xroniki aclıq və azqidalanmadan əziyyət çəkdiyini xatırladır. Baş katib aclıq və ifrat yoxsulluqdan əzab çəkən insanların sayının yarıyadək azaldılmasını nəzərdə tutan Minilliyin İnkişaf Məqsədinə (MİM) 2015-ci ilədək nail olmaq üçün bəşəriyyəti səylərini ikiqat artırmağa dəvət edir: “Builki Dünya Ərzaq Günündə, eləcə də Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaradılmasının 60-cı ildönümü ərəfəsində mən təkidlə bütün insanları və qurumları, hökumətləri və beynəlxalq təşkilatları aclığın mövcud olmadığı bir dünya qurmaq üçün birlik və tərəfdaşlığa çağırıram”.