BMT BAŞ MƏCLİSİ AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏ VƏZİYYƏTƏ DAİR QƏTNAMƏ QƏBUL ETMİŞDİR
Müzakirələr zamanı Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Yaşar Əliyev çıxış etmişdir. O bildirmişdir ki, Azərbaycanın işğal edilmiş ərazilərində iyun ayının əvvəlindən başlayan yanğınlar 600 kvadratkilometrdən çox ərazini əhatə edir. Azərbaycan hökumətinin dərin narahatçılığına səbəb olan fakt odur ki, yanğınlar hələ də davam edir və azərbaycanlıların qayıdacağı ərazilərdə baş verir. Səfir vurğulamışdır ki, bu münbit torpaqlar qısa bir zamanda yanmış səhraya çevrilmişdir. Yaşar Əliyev üzv dövlətlərin diqqətinə çatdırmışdır ki, Azərbaycan hökumətinin rəsmi müraciətindən sonra ATƏT-in faktaraşdırıcı missiyası iyulun 3-dən 5-dək bəzi yanan ərazilərdə olmuş, Azərbaycan tərəfinin verdiyi məlumatı təsdiqləmişdir. Missiyanın hesabatında hər iki tərəfdə müvafiq yanğınsöndürmə avadanlığının, su ehtiyatının çatışmazlığı, ən başlıcası isə, beynəlxalq yardıma ehtiyac olduğu vurğulanmışdır. Səfir Əliyev Baş Məclisi yanğınların söndürülməsi, ekoloji fəlakətin təsirinin azaldılması və yanan Azərbaycan ərazilərinin bərpası üçün təcili tədbirlər görməyə çağırmışdır.
Müzakirələrdə GUAM dövlətləri adından çıxış edən Ukrayna nümayəndəsi, daha sonra isə Pakistan və Türkiyə nümayəndələri Azərbaycan ərazilərində baş verən yanğınlardan narahatlıq ifadə etmiş, həmkarlarını təklif olunan qətnaməni qəbul etməyə çağırmışlar.
ATƏT-in Minsk qrupunun həmsədrləri adından çıxış edən ABŞ nümayəndəsi də Azərbaycan tərəfinin təklifini dəstəkləmiş, bölgədə yaranmış vəziyyəti araşdırmaq üçün BMT-nin Ətraf Mühit Proqramı və ATƏT mütəxəssislərinin birgə missiyasının göndəriləcəyini bildirmişdir.
Ermənistan nümayəndəsi isə məsələnin BMT çərçivəsində müzakirəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan sülh danışıqlarına maneə kimi qiymətləndirmiş, yanğınlarla bağlı bölgəyə yeni araşdırıcı missiyanın göndərilməsinin əleyhinə olduğunu bildirmişdir.
Buna cavab olaraq, səfir Yaşar Əliyev sessiya iştirakçılarının diqqətinə çatdırmışdır ki, son günlər ərzində qətnamə layihəsinin konsensusla qəbul edilməsi üçün Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərinin xahişlərini nəzərə alıb onların vasitəsilə Ermənistan tərəfi ilə birgə işləyərək, güzəşt ruhlu razılaşdırılmış mətn hazırlamışdır. Ona görə Ermənistan nümayəndəsinin son anda qətnamə layihəsi ilə razılaşmaması “şərəfsiz və yaraşmaz” bir addımdır.