BMT-NİN BAŞ KATİBİ MƏHƏMMƏD PEYĞƏMBƏRƏ KARİKATURALAR VERİLMƏSİ ƏTRAFINDA EHTİRASLARI CİLOVLAMAĞA ÇAĞIRIR
Bəyanatda deyilir: “Baş katib müsəlmanların öz dini üçün təhqiramiz saydıqları karikaturaların dərc olunması ilə əlaqədar məyusluğunu bölüşsə də, vurğulamaq istəyir ki, belə narahatlıq zorakılığa haqq qazandıra bilməz, xüsusən də, bu zorakılıq həmin karikaturaların dərc edilməsinə görə heç bir məsuliyyət daşımayan insanlara qarşı yönəldildikdə”.
Annan müsəlmanları Məhəmməd Peyğəmbərə karikaturaların ilk dəfə dərc olunduğu Danimarka qəzetinin üzrxahlığını qəbul etməyə və “özünün mərhəmət, insanpərvərlik kimi dəyərləri ilə şöhrətlənmiş dinin əsil ruhunda hərəkət etməyə” bir daha çağırmışdır.
Baş katib hesab edir ki, “bütün dinlərdən və icmalardan olan insanların dialoq və qarşılıqlı hörmət ruhunda sıx birləşməsi indi həmişəkindən daha vacibdir”.