DÜNYA
BMT-nin Baş katibi: Nüvə müharibəsinin qarşısının alınması mexanizmləri itirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Silahlanma üzərində nəzarət rejimi məhv olur, nüvə müharibəsinin qarşısının alınması mexanizmləri itirilib. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu sözləri BMT Baş Assambleyası 74-cü sessiyasının tribunasından təşkilatın Baş katibi Antonio Quterreş deyib.
A.Quterreş əlavə edib: “Nüvə silahına malik olan dövlətlərin arasındakı münasibətlər etimadsızlıq üzərində bərqərar olub. Nüvə silahının faydalı olması haqqında təhlükəli bəyanatlar daha tez-tez eşidilir. Hazırda keyfiyyətcə yeni silahlanma prosesi gedir. Böyük çətinliklər hesabına yaradılmış silahlanma üzərində nəzarət rejimi zəifləyir”.
Baş katib xatırladıb ki, ötən ay orta və kiçik mənzilli raketlərin ləğvi haqqında tarixi Müqavilənin müddəti də başa çatıb. O vurğulayıb ki, bu sənədin itirilməsi “nüvə müharibəsinin başlanmasına mane olan” əsas vasitənin də yox olmasına səbəb olub. “Mən Birləşmiş Ştatları və Rusiya Federasiyasını sabitliyi bərpa etmək və silahlanma üzərində nəzarətin gələcək mexanizmini yaratmaq üçün Müqavilənin müddətini uzatmağa təkidlə çağırıram”, -deyə Quterreş qeyd edib.
BMT-nin rəhbəri dünya liderlərinə xəbərdarlıq edib ki, planetimiz yenidən bəşəriyyətin nüvə silahı ilə tamamilə məhv edilməsi təhlükəsinin əsiri ola bilər. O, bu təhlükənin qarşısını almaq üçün nüvə silahının yayılmaması haqqında Müqavilənin şərtlərinə əməl etməyin, planetimizdə mövcud olan bütün nüvə arsenalının məhv edilməsinin əhəmiyyətini vurğulayıb. Baş katib, həmçinin nüvə silahlarının və onların sınaqlarının qadağan edilməsi haqqında yeni müqavilələrin imzalanmasının zəruriliyini qeyd edib. “Nüvə silahı bəşəriyyət üçün böyük təhlükə mənbəyidir və biz bununla barışmalıyıq. Nüvə silahının ləğv edilməsinin yeganə real yolu bütün ehtiyatların məhv edilməsidir”, -deyə Quterreş sözlərinə yekun vurub.
BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri Ticani Məhəmməd-Bəndə Baş katibin çağırışını dəstəkləyib və əlavə edib ki, bu il Amerikanın nüvə hava zərbəsindən sonra dağıdılmış Xirosima şəhərinə səfəri zamanı nüvə silahlarının ləğvinin beynəlxalq siyasətin prioriteti olmasına bir daha əmin olub.