CƏMİYYƏT
BMT-nin Baş katibi: Təhsil hüququ insan haqlarının təməlidir
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da dünya ictimaiyyəti BMT-nin təsis etdiyi Təhsilin Hücumlardan Müdafiəsi Beynəlxalq Gününü qeyd edir. AZƏRTAC xəbər verir ki, təşkilatın Baş katibi hazırda davam edən müharibələr və silahlı münaqişələr fonunda bu münasibətlə müraciət yayıb.
BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, təhsil təkcə əsas insan hüququ deyil, həm də bütün insan hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təməlidir.
“Təhsil vasitəsilə əldə edilən bilik, bacarıq və dəstək ilə gələcək nəsillər böhranlardan xilas olur və dünyanı davamlı gələcəyə doğru aparır. Bu, xüsusilə həssas qruplar, o cümlədən qızlar, miqrantlar, qaçqınlar, əlillər üçün aktualdır. Məktəblər uşaqlar, tələbələr və təhsil işçiləri üçün təhlükəsiz sığınacaq olmalıdır. Bununla belə, çox vaxt şagirdlər və onların təhsil aldıqları məkanlar münaqişədən təsirlənmiş kontekstlərdə ya birbaşa hədəfə, ya da girov obyektinə çevrilirlər”, - deyə müraciətdə vurğulanır.
Baş katib qeyd edir ki, təhsilə edilən hücumlar şagirdlər və müəllimlər üçün ciddi, uzunmüddətli fiziki və psixoloji təsirlərə səbəb ola bilər. Hücumlar tədris prosesini dayandırır, məktəbi tərk etmə nisbətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur və uşaqların keyfiyyətli təhsil almaq hüquqları əldə etmələrinə mane olur.
BMT Baş katibinin “Uşaqlar və silahlı münaqişələr” adlı illik hesabatı münaqişə zonalarında uşaqların məruz qaldığı zorakılıq aktlarının acı mənzərəsini təqdim edir. Qeyd olunur ki, 22 557 uşağa qarşı 32 990 ağır qanun pozuntusu baş verib və belə həyəcanverici hadisələrin sayı artmaqda davam edir. Məlumatlara Haiti və Nigerdən gələn ilk hesabatlar daxildir və monitorinqi aparılan 25 daha müfəssəl mənzərəsi əks olunub. Məktəb yaşında uşaqlara qarşı zorakılıqdan ən çox təsirlənən ərazilər Konqo Demokratik Respublikası, Myanma, Somali, Nigeriya və Sudan olub.
Hesabatda diqqətə çatdırılıb ki, həmin ölkələrdə bu cinayət əməlləri silahlı qruplar və hökumət qüvvələri tərəfindən törədilib. Belə ki, silahlı qruplar əsasən adam oğurluğu, işəgötürmə, istismar və cinsi zorakılığa görə məsuliyyət daşıyır, hökumət qüvvələri isə, ilk növbədə, qətl, şikəstlik, məktəblərə və xəstəxanalara hücumlarda iştirak edir.
BMT Baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinin sözlərinə görə, 2023-cü il ərzində münaqişələrdə ciddi pozuntulara məruz qalan uşaqların sayının artması həyəcan təbili çalmaq üçün səbəbdir.