DÜNYA
BMT: Pandemiya səbəbindən 100 milyondan çox işçi kasıblıq astanasındadır
Bakı, 3 iyun, AZƏRTAC
Koronavirus pandemiyası bütün dünyada 100 milyondan çox işçinin kasıblıq astanasına çatmasına səbəb olub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının hesabatında deyilir.
“2019-cu illə müqayisədə əlavə olaraq 108 milyon işçi ağır və ya orta yoxsulluq şəraitində yaşayır. Bu da o deməkdir ki, onlar və ailələri gündə 3,2 dollardan az vəsaitlə yaşamaq məcburiyyətindədir”, - deyə sənəddə bildirilir.
Yoxsulluq səviyyəsinin kəskin artması əmək saatının azalması ilə əlaqədar iş vaxtının itirilməsi, keyfiyyətli iş əldə etmək imkanın isə olmaması ilə bağlıdır.
Hesabatda qeyd olunur ki, pandemiya əmək bazarında mövcud olan bərabərsizliyi daha da artırıb. Bundan daha çox qadınlar, gənclər və mühacirlər əziyyət çəkir. Ötən il qadınların məşğulluğu kişilərlə müqayisədə 5 faiz azalıb.
Məşğulluq səviyyəsinin pandemiyaya qədər olan vəziyyətə 2023-cü ildən tez qayıtması gözlənilmir.
Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyədək dünyada 172 milyon 478 mindən çox yoluxma və 3 milyon 708 mindən çox ölüm faktı qeydə alınıb, 155 milyon 132 min nəfər isə COVID-19 xəstəliyindən sağalıb.