Boban Mitev: Hər şey istədiyimiz kimi getsə, müntəzəm çempionata vəsiqə qazanacağıq
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycanda məni çox isti qarşıladılar. Burada olmaqdan, “Sabah” klubunu təmsil etməkdən qürur duyuram.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Sabah" Basketbol Klubunun baş məşqçisi Boban Mitev media üçün açıq məşqdən sonra jurnalistlərə açıqlamasında deyib.
Şimali makedoniyalı mütəxəssis bildirib ki, hazırlığa gec başlasaq da, hər şeyin yaxşı olacağını düşünürük.: “Heyətimizdə kifayət qədər yüksək potensiallı gənc basketbolçular var. Həmçinin, hər bir mövqeyə yaxşı legionerlər transfer etmişik. Klub rəhbərliyi yaxşı hazırlıq keçməyimiz üçün hər bir şərait yaradıb”.
O təlim-məşq toplanışı keçmək üçün Belqrada yollanacaqlarını vurğulayıb: “Oyunçular orada öz səhvlərini görmək üçün real şans qazanacaqlar. Bu da basketbolçularımızın hazırkı gücünü görməyimizə şərait yaradacaq. Yeni transferimizin komandaya uyğunlaşma prosesi bir qədər yavaş irəliləyir. Buna baxmayaraq, basketbolçularımız ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün əllərindən gələni edəcəklər. Hər şey istədiyimiz kimi getsə, müntəzəm çempionata vəsiqə qazanacağıq”.
Boban Mitev azərbaycanlı basketbolçuların da heyətdə yer alması üçün xeyli cəhd göstərdiklərini söyləyib: “Onlar sırf Azərbaycan çempionatı üçün nəzərdə tutulmayıb. Klubumuzun yalnız yeddi legionerlə avrokubok mərhələsinə hazırlaşmağı tamamilə illüziyadır”.
Qeyd edək ki, “Sabah” birinci mərhələdə Niderlandın “Donar”, Şimali Makedoniyanın “Rabotniçki” və Rumıniyanın “Rapid” klubları ilə A qrupunda mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qrup qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.