MƏDƏNİYYƏT
Bölgələrdə yaşayan rəssamlarla əməkdaşlıq əlaqələri genişləndirilir
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində növbəti görüş Ağdaş rəssamları ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun iştirakı ilə gerçəkləşən görüş bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, onların tanınması və yaradıcılıq mübadiləsi üçün əlavə zəmin yaratmaq, rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə həyata keçirilib.
“Zoom” tətbiqi üzərindən keçirilən bu görüşdə rəssamlar öz təklif və ideyalarını qalereyanın direktoru Qalib Qasımovla paylaşıblar.
Xatırladaq ki, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən layihə rəssamların mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrinin sıxlaşdırılması və regionlarda rəssamlıq işinin keyfiyyətini artırılması üçün nəzərdə tutulub.