Bolton Trampın Şimali Koreya barədə siyasətini kəskin tənqid edib
Vaşinqton, 1 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton sentyabrın 30-da Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edib.
AZƏRTAC xəbər verir ki, Bolton öz keçmiş rəisinin Şimali Koreya barədə siyasətini kəskin tənqid edib. Bolton Trampın adını çəkməyib, lakin Koreya yarımadası ilə bağlı məsələnin həllində Ağ evin fəallıq göstərməməsini açıq-aydın pisləyib.
Bolton deyib ki, Tramp Kim arasında yüksək səviyyəli iki görüşün nəticəsi dolaşıq birgə bəyannamədən başqa bir şey deyil. Bu sənəddə iki ölkə “Koreya yarımadasında nüvə silahını tamamilə ləğv etməyi” və qarşılıqlı münasibətlərdə dəyişikliklər olacağını öhdəyə götürüblər. Lakin tərəflər bu dolaşıq terminin mənası barədə hələ də ümumi fikrə gəlməyib və fevral ayında liderlərin Hanoyda keçirilmiş ikinci görüşünün sonunda Şimali Koreya iqtisadi sanksiyaların ləğv olunması müqabilində həm özünün Yonbendəki nüvə obyektlərini sökməyi, lakin nüvə silahlarının mövcud ehtiyatlarına və digər məxfi obyektlərə toxunmamağı təklif edib.
Bolton Şimali Koreya barədə qeyd edib ki, Pxenyanın nüvə silahı yaratmaq proqramı bütün dünya üçün “ciddi və artan təhlükə” deməkdir. Trampın keçmiş müşaviri ABŞ administrasiyasını ona görə tənqid edib ki, Vaşinqton bu yaxınlarda Koreya Xalq Demokratik Respublikasında ballistik raketlərin silsilə sınaqlarını pisləməyib. O, əminliklə bildirib ki, Kim Çen In və onun rejimi öz nüvə silahından heç vaxt könüllü şəkildə imtina etməyəcək. Bolton deyib ki, Trampın Kim ilə nüvə silahının təhvil verilməsi barədə şəxsən razılığa gələ biləcəyi barədə dediklərinə inanmır. O təkidlə bildirib ki, ABŞ Şimali və Cənubi Koreyanın birləşməsi və ya hərbi qüvvədən istifadə edilməsi məsələsində Çin ilə əməkdaşlıq yolu ilə Pxenyan rejiminin dəyişdirilməsi məsələsinə baxmalıdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton