“BOŞ MƏKANIN DOLGUNLUĞU” FESTİVALI BAŞA ÇATMIŞDIR
Xarici ölkə səfirlikləri əməkdaşlarından, gənc teatrşünaslardan ibarət ekspertlər qrupunun, habelə Teatr Xadimləri İttifaqının idarə heyəti nümayəndələrinin münsiflər heyəti beş nominasiyada müsabiqənin qaliblərini müəyyən etmişdir.
Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi A.P.Çexovun “Qu quşunun nəğməsi” tamaşasına görə (rejissor Nazir Rüstəmov) birinci yerə və “Ədəbi əsərin ən yaxşı səhnə təcəssümünə görə” diplomuna layiq görülmüşdür.
Rejissor Firudin Məhərrəmovun Çingiz Aytmatovun “Ümid sahili” povesti əsasında səhnələşdirdiyi tamaşa üçün H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivi “Ansamblın bütövlüyünə görə” nominasiyasında qalib gəlmişdir.
Quruluşçu rejissor Tural Mustafayevə İ.İbrahimlinin “Günlərin bir günü” əsəri üzrə tamaşa üçün “Rejissor cəsarətinə görə” nominasiyasında üçüncü yer verilmişdir.
“Renessans” Müstəqil teatr qrupunun aktyoru Vaqif İbrahimov Ömər Xəyyamın rübailərinin motivləri əsasında (rejissor İradə Səyya) hazırlanmış tamaşa üçün “Cəsarətli və məzmunlu oyuna görə” mükafatlandırılmışdır.
E.Olbinin əsəri əsasında rejissor Asya Atakişiyevanın quruluşunda “Heyvanxanada nələr baş verib?” tamaşasında baş rolun ifası üçün “Araz” teatr studiyasının aktyoru Qurban Məmmədov “Psixoloji mətn üzərində işə görə” mükafatını almışdır.
Festivalın bütün iştirakçılarına həvəsləndirici diplomlar və xatirə hədiyyələri verilmişdir.
Xatırladaq ki, ən uğurlu tamaşalar Avropa teatr festivallarının proqramlarına daxil ediləcəkdir.