Botanika İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
AMEA Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsinin elmi işçisi Aydan Zeynalova və elmi müəssisənin direktor müavini, professor Eldar Novruzovun həmmüəllif olduğu “Azərbaycanda bitən yabanı nar meyvələrinin fenol tərkibi” məqalə İtaliyanın nüfuzlu “Advances in Horticultural Science” jurnalında (2020-ci ilin 34 sayı, 3 buraxılışı) nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalə İtaliya Milli Tədqiqat Şurasının Florensiya bölməsinin Davamlı Bitki Mühafizəsi İnstitutunun alimləri ilə müştərək tədqiqatlar çərçivəsində yabanı nar bitkisindən alınan şirənin tərkibindəki bioloji fəal maddələrin kəmiyyət və keyfiyyət tərkibinin araşdırılmasına həsr olunub. Məqalənin nəticələri göstərir ki, Azərbaycanda bitən yabanı nar nümunələri bioloji aktiv metabolitlərin perspektivli mənbəyidir və stress şəraitində seleksiya proqramlarında yüksək qida və tibbi xüsusiyyətlərə malik yeni sortlarının yaradılmasında donor kimi istifadə edilə bilər.