Botanika İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda Azərbaycanda bitkilərin qiymətləndirilməsindən danışıblar
Bakı, 23 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva və Mikologiya şöbəsinin müdiri dosent Dilzarə Ağayeva Londonda ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Kyu Kral Botanika Bağlarının təşkilatçılığı ilə keçirilən “Dünya bitki və göbələklərinin vəziyyəti” adlı beynəlxalq simpoziumda iştirak etmək və mövcud əməkdaşlığın, eləcə də digər prioritet istiqamətlər üzrə görülə biləcək işlərin müzakirəsi olub.
Simpoziumda bitki və göbələklərin müxtəlifliyi, yayılması, təhlükələri və qorunması ilə bağlı geniş müzakirələr aparılıb. Növbəti illərdə Asiya qitəsi üzrə tədqiqatlara daha çox diqqət verilməsinin vacibliyi qeyd edilib. Həmçinin qlobal olaraq 3F konsepsiyası, yəni flora, fauna terminləri ilə yanaşı Funga termininin istifadəsi təklif edilib və dəstəklənib.
Tədbirdə Botanika İnstitutunun əməkdaşları tərəfindən “Azərbaycanda bitki və makrogöbələklərin qorunması və qiymətləndirilmə aparılmış növlər” mövzusunda məruzə, o cümlədən poster təqdim edilib. Həmçinin Kyu Kral Botanika Bağlarının elm üzrə direktoru professor Aleksandr Antonelli ilə hər iki qurum arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən görülən və nəzərdə tutulan işlər müzakirə edilib. Memoranduma əsasən gənc alim və doktorantların Kyu Botanika Bağında təcrübə, təlim keçməsi və tədqiqatlar aparması, o cümlədən yeni qrant hesabına ölkəmizdə nadir və nəslikəsilmək təhlükəsində olan növlərin itmə səbəblərinin öyrənilməsi əsas prioritetlərdəndir.
Səfər çərçivəsində təşkilatın nəzdində fəaliyyət göstərən Fungariumla tanışlıq və gələcək əməkdaşlıq imkanları barədə ilkin danışıqlar aparılıb. Həmçinin Kral Botanika Bağına səyahət zamanı onların təcrübəsinə aid bəzi detalların gələcəkdə ölkəmizdə həyata keçirilməsi vacib hesab edilib.